REGİONLAR
Ağdaş rayonunda bol məhsulun əsası qoyulur
Ağdaş, 10 mart (AZƏRTAC). Ağdaş rayonunun kəndlərində yaz tarla işlərinin qızğın çağıdır. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda tərəvəz əkiləcək sahələr şumlanaraq əkinə hazırlanır, torpağa üzvi və mineral gübrələr verilir. İstixanalarda pomidor və xiyar şitilləri yetişdirilir, kartof və kələm əkini, yonca səpini davam etdirilir, yeni meyvə bağları salınır.
Həmçinin yaz-yay fəsillərində əkin sahələrinin suvarma suyuna tələbatının normal ödənilməsi üçün arxların lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir. Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin maşın və mexanizmləri hazırda bu işə cəlb olunmuşdur. Ötən iki ay ərzində 6 kənddəki arxların 25 kilometrlik hissəsi lildən təmizlənmişdir. Bundan əlavə, kənd bələdiyyələri iməcilik yolu ilə fərdi həyətyanı sahələrdən və pay torpaqlarından keçən daxili arx və bərələrin qazılmasını təmin edirlər.