CƏMİYYƏT
Ağdaşda 15 minə yaxın sakin həkim müayinəsindən keçmişdir VİDEO
Ağdaş, 25 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Ağdaş rayonunda da uğurla davam etdirilir.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında sakinlərin kütləvi müayinəsi üçün hər cür şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunması məqsədi ilə bu mühüm aksiyanın uğurla təşkili üçün rayonda xüsusi komissiya yaradılmış, tibb ocaqlarında müvafiq iş qrafiki tərtib olunmuşdur.
Xəstəxananın baş həkimi Nuru Nuriyev AZƏRTAC-a bildirmişdir ki, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi göstəriş xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürüdür. Bu diqqət və qayğının sakinlər tərəfindən fərəhlə qarşılandığını qeyd edən baş həkim demişdir ki, fevralın 17-dən martın 25-dək Ağdaşda keçirilən səhiyyə aksiyası zamanı 15 minə yaxın sakin tibbi müayinədən keçirilmişdir. Vətəndaşlardan 34 nəfəri stasionar, 720 nəfəri ambulator müalicəyə cəlb edilmiş, 11 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Bəzi sakinlərə 6 aydan sonra təkrar tibbi müayinə üçün xəstəxanaya gəlməsi tövsiyə edilmişdir.
Rayon sakini Akif Hacızadə müayinələrin təşkilinə, xəstəxanada yaradılan şəraitə görə çox sevindiyini bildirmişdir. “Mən tibbi yoxlamadan keçdim və qısa vaxt ərzində müayinənin cavabını da aldım. Səhhətimlə bağlı suallarıma həkimlər ətraflı cavab verdilər. Əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.
Tibbi müayinə olunan rayon sakini Lətif Mustafayev demişdir. “Bu müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Mən yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə xoş təəssürat yaratdı. İnsanların sağlamlığına xidmət edən bu tədbirə görə dövlət başçısına təşəkkürümü bildirirəm”.