CƏMİYYƏT
Ağdaşda “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda konfrans keçirilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda konfrans keçirilib.
DQİDK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Komitə sədrinin birinci müavini Səyyad Salahlı, qurumun Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, idarə və müəssisə rəhbərləri, dini icma sədrləri, dindarlar, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, eləcə də gənclər iştirak ediblər.
Konfransda çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, qurumun Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, Ağdaş RİH-in nümayəndəsi Qabil Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Əli Məmmədov ölkəmizdə dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu vurğulayıblar. Qeyd edilib ki, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü uğurlu siyasət sayəsində multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib və bu, dini radikalizmlə mübarizədə mühüm amildir. Bildirilib ki, dini radikalizmlə mübarizədə dini icmaların rolunu artırmaq, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını almaq üçün birgə fəaliyyət zamanın tələbinə çevrilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.