REGİONLAR
Ağdaşda kənd futbol komandaları arasında birinciliyin qalibi məlum olub
Ağdaş, 12 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Ağdaş rayonunun kənd futbol komandaları arasında keçirilən yarışlar başa çatıb. Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə təşkil olunan yarışlarda rayonun Ərəb, Qulbəndə, Cardam, Birinci Aral, Şordəhnə, Şəmsabad, Nehrəxəlil, Kükəl, Xosrov, Qarağan Şıxlar, Güvəkənd, Yuxarı Qəsil, Tofiqi kənd və Ləki qəsəbə komandaları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışların final mərhələsi mayın 12-də Cardam və Tofiqi kənd komandaları arasında keçirilib. Gərgin və maraqlı keçən qarşılaşma Cardam kənd komandasının minimal hesablı qələbəsi ilə başa çatıb.
Sonra Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynovun, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yanında Uşaq Futbol Federasiyasının baş katibi Asim Xudiyevin və veteran futbolçu Fərrux İsmayılovun iştirakı ilə yarışın yekun tədbiri keçirilib. Deputat Məzahir Əfəndiyev çıxışında bu gün gənclər arasında sağlam həyat tərzinin təbliğinin, onların idmana olan həvəsinin daha da artırılmasının dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq, Prezident İlham Əliyev tərəfindən bu sahədə görülən böyük işlərdən danışıb. M.Əfəndiyev, eləcə də digər çıxış edənlər ölkə başçısının idmana, xüsusilə regionlarda bədən tərbiyə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.
Sonda birincilikdə iştirak edən futbolçulara sertifikatlar təqdim edilib, habelə ilk üç yerin qalibi olan Cardam, Tofiqi və Birinci Aral komandaları xüsusi hədiyyələrlə, sertifikat, medal və kubokla mükafatlandırılıblar.