REGİONLAR
Ağdaşda min hektardan çox sahədə tərəvəz əkini aparılıb
Ağdaş, 1 iyul, AZƏRTAC
Ağdaş rayonunda tərəvəz əkini başa çatmaqdadır və artıq min hektardan çox sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, torpaq mülkiyyətçiləri daha çox xiyar, pomidor, bibər, sarımsaq, badımcan, yaşıl lobya, kartof əkininə üstünlük verirlər. Tərəvəz rayonun bütün ərazi bölgələrində, xüsusilə Güvəkənddə (122 hektar), Qaradağlıda (72 hektar), Xosrovda (67 hektar), Mehrəxəlildə (50 hektar), Gürcüvada (43 hektar) və sair əkilib.
Qeyd edək ki, torpaq sahibləri artıq tərəvəz məhsullarının istehsalına da başlayıblar. Rayon üzrə hələlik 106,3 hektar yaşıl lobya sahəsindən 308,3 ton, 193,5 hektar kələm sahəsindən 2300,3 ton, 75 hektar bibər sahəsindən 23,6 ton, 254,7 hektar xiyar sahəsindən 3565,8 ton, 87,1 hektar badımcan sahəsindən 185,3 ton məhsul götürülüb. Tədarük olunan tərəvəz yerli bazarlara çıxarılır, habelə yaxın xarici ölkələrə göndərilir.