CƏMİYYƏT
Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
Bakı, 11 aprel, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovla birgə rayonda aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış ailə təsərrüfatlarına baxış keçiriblər.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni təsərrüfatların sahibləri ilə görüşə S.Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin bu və ya digər iqtisadi fəaliyyət növündə kiçik ailə bizneslərini qurmağa şərait yaratdığını bildirib. Nazir proqram iştirakçılarının bu imkandan düzgün və bacarıqla istifadə edərək, yeni yaradılmış təsərrüfatlarını genişləndirmək istiqamətində səylərini daim artıracaqlarına əmin olduğunu qeyd edib.
Proqram iştirakçıları göstərilən yüksək qayğıya, həmçinin aztəminatlı ailələrin kiçik biznesə sahib olmaları üçün yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar öz təsərrüfatlarını inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.
Ağdaş rayonunda ötən il 66 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilərək verilən aktivlər (mal və materiallar) hesabına kiçik ailə təsərrüfatlarını yaradıb. Onlardan 12 nəfəri əlilliyi olan şəxs, 3 nəfəri sağlamlıq imkanları məhdud uşaqları olan valideyn, 3 nəfəri müharibə veteranı, 2 nəfəri məcburi köçkün, 12 nəfəri gəncdir. Digərləri isə əsasən çoxuşaqlı ailələrdır. Yeni yaradılan təsərrüfatlardan xeyli hissəsi heyvandarlıq üzrədir, qalanları isə istehsal və xidmət sahələri kimi formalaşıb.