REGİONLAR


Ağstafanın Muğanlı kəndində qəzalı vəziyyətdə olan məktəb binası əsaslı təmir edilib FOTO VİDEO

Ağstafa, 11 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa rayonunun Muğanlı kəndində uzun illərdir qəzalı vəziyyətdə olan məktəb binası əsaslı təmir edilib. 624 şagird yerlik yeni məktəb binası müasir avadanlıqlarla və lazımi şəraitlə təmin olunub.

AZƏRTAC xəbər verir ki, 1982-ci ildə inşa edilən məktəb binasının qəzalı olması tədrisə də mənfi təsir göstərirdi. Şəhid Füzuli Kərimovun adını daşıyan Muğanlı kənd tam orta məktəbinin binasının Prezidentin Sərəncamı ilə ötən ildən əsaslı təmirinə başlanılmışdı. Artıq bina hazırdır və keyfiyyətli təhsilin verilməsi üçün lazımi şərait yaradılıb. Yeni məktəb binasında istilik sistemi də quraşdırılıb.

Məktəbdə bu tədris ilində 359 şagird təhsil alacaq. Həmçinin 20 nəfər məktəbəhazırlıq qrupuna gedəcək. Yeni məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 49 müəllim məşğul olacaq.

Təhsil müəssisəsində müasir sinif otaqları, fizika-kimya laboratoriyaları, biologiya, texnologiya kabineti, bundan başqa idman zalı yenidən qurulub. Akt zalı müasir formada düzəldilərək, 180 yerlik oturacaqla təmin edilib. 100 şagird yerlik bufet müasir avadanlıqlarla təchiz edilib, 16 yerlik oxucu yerinə malik müasir kitabxana yaradılıb. Məktəblilər üçün futbol, voleybol, basketbol stadionları yaradılıb. Müasir qazanxana qazla təchiz edilib. Məktəbdə müşahidə kameraları da quraşdırılıb.

Məktəbin yeni binasında yaradılan şəraitlə tanış olan Təhsil Nazirliyinin rəsmisi Orxan Abbasov pedaqoji kollektivin və şagirdlərin bu imkanlardan maksimum yararlanacaqlarına əminliyini ifadə edib.

O, yeni dərs ilində həm əyani, həm də distant təhsildən istifadə olunacağını bildirib. “Yeni tədris ilində bütün təhsil müəssisələrində hazırlıq işləri həyata keçirilir. Şagirdlərin valideynləri ilə iltizam sənədi imzalanacaq və onlar karantin rejimində uşaqlarının məktəbə getməsi ilə bağlı fikirlərini bildirəcəklər. Təhsil distant və əyani formada davam etdiriləcək. Övladlarının hansı formada təhsil alması isə valideynlərin ixtiyarına buraxılır”, - deyə O.Abbasov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.