REGİONLAR
Ağsu Regional Miqrasiya İdarəsi Qobustanda səyyar xidmət göstərib
Qobustan, 12 sentyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi sentyabrın 12-də xidmət ərazisinə daxil olan Qobustanda “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması" mövzusunda maarifləndirmə tədbiri keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazidə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, vətəndaşsızlıq vəziyyətində olanların, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə üzvlərinin, habelə aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə işçilərinin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri rayon icra hakimiyyəti başçısının müavini Məharət Əkbərov açıb, məsələnin əhəmiyyətindən danışıb.
Sonra Dövlət Miqrasiya Xidmətinin məsul vəzifəli şəxsləri “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti” barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Qeyd edilib ki, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görülüb.
Maarifləndirici tədbirdə iştirakçılara miqrasiya qanunvericiliyinə edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verilib. Həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, habelə vətəndaşlıq məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan videoslaydlardan istifadə etməklə ətraflı bəhs olunub.
Tədbir iştirakçılarına mövzu ilə bağlı xidmət tərəfindən hazırlanan bukletlər və tələb olunan sənəd siyahıları təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda müraciət edən şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı, Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi, habelə müvəqqəti yaşama icazələrinin verilməsi ilə əlaqədar səyyar xidmət göstərilib, rayon ərazisindən kənarda yaşayıb miqrasiya ilə bağlı gəlməkdə çətinliyi olan şəxslərin müvafiq müraciətləri qəbul edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Məharət Əkbərov tədbir iştirakçıları adından vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə belə bir maarifləndirmə tədbiri təşkil etdikləri üçün Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib.