REGİONLAR
Ağsu rayonunda 1400 tondan çox kartof istehsal olunub
Ağsu, 5 avqust, AZƏRTAC
Ağsu rayonunda kartof yığımı başa çatıb və sahələrdən 1431,8 ton məhsul götürülüb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 167,5 hektar sahədə kartof yetişdirilmişdi. Rayonun əsasən dağlıq və dağətəyi ərazilərində ailə fermer təsərrüfatları və fiziki şəxslər üçün kartofçuluq ənənəvi sahə hesab olunur. Xüsusilə dağətəyi ərazidə yerləşən Qaraqoyunlu, Padar, dağlıq zona olan Xanbulaq, Kalva və bir sıra digər ərazi icra nümayəndəliklərində kartofçuluğa maraq daha çoxdur. Sakinlər təsərrüfatın bu sahəsindən hər il xeyli gəlir götürürlər. Bu il bölgədə hər hektardan orta hesabla 85,5 sentner kartof istehsal olunub ki, bu da ötənilki göstəricidən 0,9 sentner çoxdur.
Qeyd edək ki, yığılan məhsulun bir qismi yerli bazarlara çıxarılır. Bunun nəticəsidir ki, hazırda Ağsu bazarında kartofun pərakəndə satış qiyməti aşağı düşüb.