REGİONLAR
Ağsuda ailə-fermer təsərrüfatı çəltik sahələrindən 40 ton məhsul götürüb
Ağsu, 24 oktyabr, AZƏRTAC
Ağsu rayonunun Ərəbmehdibəy ərazi dairəsində Hacağa Hüseynova məxsus ailə-fermer təsərrüfatında çəltik biçini başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailə-fermer təsərrüfatı bu il 20 hektar sahədə çəltik yetişdirib. Sahələrdən 40 ton çəltik istehsal olunub.
Qeyd edək ki, çəltikçilik rayonda qeyri-ənənəvi sahə hesab olunur. Azərbaycanda son illər aqrar sektorda aparılan islahatlar, sahibkarlar üçün yaradılan əlverişli şərait Ağsu rayonunda da iqtisadiyyatın şaxələndirilməsinə, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə şərait yaradıb. Təsadüfi deyildir ki, yerli bazarlarda heç də az tələbat olmayan çəltikçiliyə maraq artıb və H.Hüseynovun ailə-fermer təsərrüfatı bölgədə ötən il ilk dəfə olaraq 20 hektarda çəltik əkib, sahələrdən 40 ton yüksəkkeyfiyyətli çəltik götürüb.
Ailə-fermer təsərrüfatı gələn il əkin sahəsini artırmağı qərara alıb.