REGİONLAR
Ağsuda heyvandarlıq məhsullarının istehsalı artıb
Ağsu, 2 dekabr, AZƏRTAC
Ağsu rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Bu sahə üzrə cari ilin on bir ayında məhsul istehsalı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bütün göstəricilər üzrə artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, on bir ayda diri çəkidə ət istehsalı 101 ton artaraq 5044 tona çatıb. Süd istehsalı da 42 ton çoxalıb və 29 min 264 ton olub. Habelə, rayonda 12 milyon 827 min ədəd yumurta, 318 ton yun istehsal edilib. Bu göstəricilər üzrə artım müvafiq olaraq 864 min ədəd və 4 ton olub.
Son illər rayonda heyvandarlıq məhsuları istehsalında dinamik artım davam edir. Əksər ərazilərdə, xüsusilə Ərəbuşağı, Gəgəli, Kəndoba, Qaraqoyunlu, Ərəbmehdibəy və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər daha yüksək nəticələr əldə ediblər.
Qeyd edək ki, hazırda bölgədə 38 min başdan çox iribuynuzlu, 140 min başdan çox davar bəslənilir.