REGİONLAR
Ağsuda qanvermə aksiyası keçirilib
Ağsu, 19 yanvar, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi yanvarın 19-da Ağsuda qanvermə aksiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə təşkil olunan qanvermə aksiyasında rayon ictimaiyyəti fəal iştirak edib. Rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdə təşkil olunan aksiyaya 210 nəfərdən çox könüllü qoşulub. Hərtərəfli müayinədən sonra 155 nəfər könüllü donordan qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcək.
Bu xeyirxah aksiyaya qoşulan və yenicə qan verən rayon sakini Allahyar Əmirov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Uşaqlar bizim gələcəyimizdir. Uşaqları sevən, gələcəyimizi düşünən hər kəs bu aksiyaya qoşulmalıdır. Mən Muradlı kənd orta məktəbində direktoram. Məktəbimizdən 8 nəfər gəlmişik. Talassemiyadan əziyyət çəkən xəstə uşaqlarımız üçün kifayət qədər qan ehtiyatının yaradılmasına kömək hər birimizin borcudur”.