REGİONLAR
Ağsulu pambıqçı: Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılması məhsuldarlıqda uğurun başlıca şərtidir
Ağsu, 4 oktyabr, AZƏRTAC
Ağsu rayonunun Navahı kəndi ərazisində fermer İslaməli Qəniyevə məxsus pambıq sahəsi bölgədə ən məhsuldar tarla hesab olunur. Belə ki, bol məhsulun yetişdirildiyi 10 hektar sahədən indiyədək 32 ton məhsul yığılıb. Hər hektardan 32 sentner məhsul götürülməsi rayonda ən yüksək göstəricidir.
Fermer İslaməli Qəniyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Pambıqçılıq rayonumuzda təsərrüfatın ənənəvi sahəsi olub. Əvvəllər bu sahə diqqətdən kənarda qalmışdı. Prezidentimizin dəstəyi ilə pambıqçılıq ölkəmizdə, o cümlədən rayonumuzda son illər yenidən dirçəlməyə başlayıb. İndi təsərrüfatçılar dövlətimizin bu sahəyə qayğısından yararlanaraq pambıqçılığa böyük həvəs göstərirlər”.
Gələcək yüksək məhsul üçün bünövrənin payızdan qoyulduğunu söyləyən ağsulu pambıqçı qeyd edib ki, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılması məhsuldarlıqda uğurun başlıca şərtidir.
“Gördüyünüz bu sahələr 5 dəfə suvarılıb, hər suvarmadan sonra kultivasiya çəkilib. Vaxtlı-vaxtında gübrəsini də vermişik. Nəticədə yüksək məhsuldarlığa nail olmuşuq. Yığımın tez və itkisiz başa çatdırılması üçün sahələrə hər gün 30-35 nəfər işçi qüvvəsi çıxarırıq. Çalışırıq ki, məhsulu son qozasınadək yığıb təhvil verək”, - deyən fermer pambığın alış qiymətinin artırılmasını da yüksək qiymətləndirib. O, daha çox məhsul təhvil verərək, əldə edəcəyi gəliri də artıracağını bildirib.