REGİONLAR
Ağsulular Novruzun gəlişini el şənliyi ilə qeyd ediblər VİDEO
Ağsu, 18 mart, Adil Ağayev, AZƏRTAC
Ağsu şəhərindəki Heydər Əliyev parkında Novruzun gəlişi el şənliyi ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, martın 18-də bayramsayağı bəzədilən bahar təravətli parkda minlərlə ağsulu Novruz şənliyinə toplaşmışdı.
Rayon rəhbərliyi Novruzun gəlişi münasibətilə ağsuluları təbrik edib, onlara xoş bayram əhval-ruhiyyəsi, əmin-amanlıq arzulayıb. Bildirilib ki, tarix boyu heç bir qüvvə milli bayramımız olan Novruzu, adət-ənənələrimizi xalqımıza unutdurmağa, qəlbimizdən silməyə müvəffəq olmayıb. Novruzun dövlət səviyyəsində milli bayram kimi qeyd edilməsi müstəqilliyimizin xalqımıza verdiyi ən dəyərli töhfələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün xalqımız öz adət-ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutur, onları qoruyub saxlayır, gələcək nəsillərə ötürür.
Sonra musiqi sədaları altında bayram tonqalı alovlandırılıb. Mahnı və rəqslər, Bahar qızının gəlişi, kosa və keçəlin şən zarafatları, idmançıların çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.