İQTİSADİYYAT
Əhalinin siyahıyaalınması ilə əlaqədar Dövlət Statistika Komitəsində “Qaynar xətt” Mərkəzi fəaliyyət göstərir VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 1-dən 10-dək keçirilən əhalinin siyahıyaalınması ilə bağlı Dövlət Statistika Komitəsində “Qaynar xətt” Mərkəzi yaradılıb.
Bu barədə AZƏRTAC-a komitənin Əhalinin Siyahıyaalınması Qrupunun rəhbəri Azad Abbasəliyev deyib.
O bildirib ki, hazırda siyahıyaalmanın yeddinci günüdür. Siyahıyaalma ilə əlaqədar əhalinin sorğularının cavablandırılması, yarana biləcək hər hansı problemin operativ şəkildə aradan qaldırılması məqsədilə Dövlət Statistika Komitəsində “Qaynar xətt” Mərkəzi fəaliyyət göstərir: “Əməkdaşlarımız tərəfindən “qaynar xətt”ə daxil olan hər bir müraciət dinlənilir, lazım gəldikdə hər hansı problem operativ aradan qaldırılması üçün müraciətlər həm yerli, həm də Bakı şəhəri üzrə statistika orqanlarına ünvanlanır. Əsasən kimin harada və necə siyahıyaalınması, eyni zamanda, hər hansı bir ev təsərrüfatının evdə olmaması halında siyahıyaalmanın necə keçirilməsi barədə müraciətlər daxil olur. Belə hallarda onlara izah olunur ki, siyahıyaalma oktyabrın 1-10-u tarixlərini əhatə edir və hər hansı bir gün ərzində vətəndaşların ünvanına gələrək siyahıyaalma keçiriləcək. Əgər sayıcı ev təsərrüfatına gələn zaman orada sakinləri tapmasa evdə çətin tapılan şəxslərə dair müvafiq sənədi doldurur və qapıya yapışdırır”.