CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın Seçki Komissiyasının görüşü keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki Komissiyasının onlayn görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin sədr müavini, Seçki Komissiyasının sədri Sədaqət Qəhrəmanova komissiya üzvlərini salamlayaraq İctimai Şuraya seçkilərin təşkili və seçki gününün müəyyənləşdirilməsi barədə fikirlərini diqqətə çatdırıb.
Daha sonra Komissiyanın üzvləri - “Sosial Hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, “Sağlam həyat naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov, Gender və İqtisadiyyat İctimai Birliyinin sədri Təranə Kərimova, “Vətəndaşların sosial rifahı və müdafiəsi naminə” İctimai Birliyinin sədri Venera Əsgərova, Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya da çıxış edərək rəy və təkliflərini səsləndiriblər.
Görüşün sonunda İctimai Şuraya seçkilərin dekabrın 17-nə təyin edilməsi qərara alınıb.