REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib VİDEO
Masallı, 4 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, qəbul cədvəlinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sentyabrın 4-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Hicran Hüseynova və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər əsasən işlə təminat, xəstələrin müalicəsi, evlərin təmiri, zorakılığa məruz qalan qadın və uşaqlar üçün sığınacaqların yaradılması, erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi, regionlarda gənc ailələrə “İpoteka” kreditinin verilməsi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerində həllini tapıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata götürülüb və onların həlli üçün konkret tapşırıqlar verilib.
Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra dövlət komitəsinin sədri Hicran Hüseynova Masallı rayonunun fəal qadınlarının bir qrupu ilə görüşüb.