ELM VƏ TƏHSİL


“Ailə dəyərlərimiz və müasirləşmə” layihəsi çərçivəsində seminar

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Ailə dəyərlərimiz və müasirləşmə” layihəsi çərçivəsində seminar keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev mövzunun aktuallığını vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, sağlam ailə sağlam cəmiyyət deməkdir. Ailənin sağlam təməl üzərində qurulmasının cəmiyyətin, dövlətin inkişafında rolu danılmazdır. Bu gün də ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən sayılır. Bu mənada Azərbaycan ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Ölkəmizdə ailə modeli, ailə ənənələrinə, milli-mənəvi dəyərlərə söykəndiyindən, tarixboyu öz simasını itirməyib. Qərb dünyasında ailə institutu deformasiyaya uğradığı bir vaxtda bizdə ailə dəyərlərinin qorunub saxlanılması Azərbaycan xalqına xas ən ali xüsusiyyətlərdən biridir. Bunun kökündə isə milli-mənəvi dəyərlər, əxlaqi keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq ailəyə hər zaman müqəddəs ocaq kimi baxmışıq. Zaman-zaman ailə institutunun dağılmaması üçün yeri gələndə mətanət, dözüm nümayiş etdirmişik. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Bəlkə elə buna görədir ki, Azərbaycan ailəsi bütün dünyada monolitliyi ilə örnək göstərilir.

Səyyad Salahlı vurğulayıb ki, ailə dəyərləri bizim milli dəyərlərimizdir. Məhz ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən biridir. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova “Ailə dəyərlərimiz və müasirləşmə” layihəsinin məqsəd və vəzifələrindən danışıb. O, qeyd edib ki, vətəndaş cəmiyyəti olaraq başlıca vəzifəmiz əsas dəyərlərimizdən biri olan ailə institutunun qorunmasında iştirak etməkdir. Ailəmiz möhkəm olarsa, cəmiyyətimiz və dövlətimiz də o qədər qüdrətli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.