ELM VƏ TƏHSİL
Akademik Akif Əlizadə: Niyyət sazişi Azərbaycan elminin innovativ fəaliyyətinə töhfə verəcək
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında ölkədə elm və texnologiya siyasətinin formalaşdırılması, milli innovasiya sisteminin yaradılması, bir sıra mühüm layihə və proqramların icrası, mövcud infrastrukturun təkmilləşdirilməsi, həmçinin birgə zəruri əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə niyyət sazişi imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıq haqqında sazişi bu elmi qurumun prezidenti, akademik Akif Əlizadə və “INTERTELECOM” MMC şirkətinin prezidenti Reza Vaziri imzalayıblar.
AMEA-nın prezidenti, akademik A.Əlizadə “INTERTELECOM” MMC ilə əməkdaşlığın önəmindən danışıb.
Qeyd edilib ki, bu saziş Azərbaycan elminin innovativ fəaliyyətinə, elmlə istehsalatın qarşılıqlı əlaqəsinə böyük töhfə verəcək. Niyyət sazişi müasir elmi nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edəcək. AMEA-nın rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkının (YTP) geniş imtiyazları olduğu üçün innovativ fəaliyyətlərimizi uğurla həyata keçirə biləcəyik. Əminəm ki, Azərbaycan alimləri bu əməkdaşlıqdan böyük təcrübə qazanacaqlar.
R.Vaziri qeyd edib ki, müasir dünyada elmin nəticəsi sərvətdir. Bu gün biz elmlə sərvətin təməlini qoyacaq saziş imzaladıq.
Qonaq əməkdaşlıq nəticəsində böyük uğurların əldə ediləcəyinə əminliyini bildirib.
AMEA-nın işlər idarəsinin müdiri Fətəli Abdullayev və YTP-nin direktoru Vüqar Babayev sazişin əhəmiyyətindən, elmin kommersiyalaşdırılmasında rolundan danışıblar.