ELM VƏ TƏHSİL


Akademik: Azərbaycan ordusunun son parlaq qələbələrinin xalqımızda doğurduğu ruh yüksəkliyi qürurvericidir

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan ordusunun son parlaq qələbələrinin xalqımızda doğurduğu ruh yüksəkliyi, eləcə də bu yolda verdiyimiz şəhidlərin ruhu qarşısında borc duyğusunun ifadəsi üçün iyulun 14-15-də keçirilmiş orduya dəstək aksiyası qürurvericidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli söyləyib. O deyib: “Aksiyadakıların böyük əksəriyyəti özünün Vətən məhəbbətinin, ölkənin taleyi qarşısındakı narahatlıq hisslərinin ifadəsi üçün səmimi bir yürüş iştirakçısı olması ilə fəxr edə bilər. Əsl insan, əsl vətənpərvər duru su kimi, axar çay kimi olmalıdır və o gecəki mitinqin əksər hissəsini məhz belə insanlar təşkil edirdi. Nə yazıq ki, bu axar dumduru çayı bulandırmağa, onu məcrasından çıxarıb dağıdıcı səmtə yönəltməyə çalışan xəbis niyyətli, düşmən dəyirmanına su tökənlər də tapıldı. Təbii ki, onlar öz çirkin məqsədlərinə nail ola bilmədilər. “Nə qədər pisdirsə, o qədər yaxşıdır!” xəstə təxəyyülü ilə düşünən, Azərbaycanın havasına, çörəyinə, suyuna satqın çıxan bu cür namərd ünsürlər günlərlə, aylarla, illərlə gözləyərək azacıq fürsət düşən kimi aranı qarışdırmağa hazırdırlar.

Bu dəfə də onlar xalq məhəbbətinin, orduya, Ali Baş Komandana dərin və sarsılmaz inamın yönünü öz çirkin məqsədlərinin reallaşmasına, vandalizm aktları ilə emosiyaları bulandırmağa və bulanıq çayda balıq tutmağa çalışdılar. Ancaq bir şeyi yaddan çıxartdılar ki, bir zaman tariximizin dolanbaclarında oynadıqları bu oyun üçün artıq meydan yoxdur. Xalq ayılıb və ağı qaradan, yaxşını pisdən, sabitliyi xaosdan seçə bilir. Elə onillər ərzində boş yerə pul xərclədiklərini görən xarici ağalar da artıq kor quyuya su tökmək istəmirlər. Əvəzində Azərbaycan xalqı və dövləti saf axar çay kimi qarşısına çıxan tör-töküntünü süpürüb atmaq əzmindədir və artıq bu taleyüklü hadisənin zamanı gəlib çatıbdır. Son günlər yaranan mövcud durum onu göstərdi ki, xalqımız həmrəy olub Prezident İlham Əliyevin komandanlığı altında torpaqlarımızı geri qaytarmağa hər an hazırdır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.