CƏMİYYƏT
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar 4500 badam ağacı əkilib
Bakı, 14 dekabr, AZƏRTAC
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar dekabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qala-Türkan yolunun ətrafında ağacəkmə aksiyası keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, qurumun əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. Qala-Türkan yolunun ətrafındakı 7 hektar ərazidə 4500 ədəd badam ağacı əkilib.
Xatırladaq ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən bu il fevralın 7-də Sərəncam imzalanıb və bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir. Həmin Sərəncamın 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tədbirlər Planı”na əsasən silsilə tədbirlər keçirilir.
Qeyd edək ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, əməkdar elm xadiminin respublikamızın təbiətinin və ətraf mühitin mühafızəsi sahəsində xidmətləri əvəzsizdir.