ELM VƏ TƏHSİL
Akademik İradə Hüseynova: Elmi nəşrlər müasir tələblərə uyğunlaşdırılmalıdır
Bakı, 13 fevral, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında Azərbaycan Milli Elmlər Akademiyasında aparılan genişmiqyaslı islahatlar, o cümlədən struktur dəyişiklikləri barədə məlumat verib. Bu islahatların Azərbaycan elminin gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İradə Hüseynova “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” barədə də söz açıb, proqramın müvafiq bəndləri ilə bölmə üzvlərini tanış edib.
Akademik İradə Hüseynova bölmədə nəşriyyat işi barədə də danışıb. O, nəşriyyat fəaliyyətinin əsas göstəriciləri olan kitab, toplu, jurnal, həmçinin mühüm elmi nəticələri özündə əks etdirən tədqiqat əsərlərindən söz açıb. BTEB-in “Həyat elmləri və biotibb” jurnalının 2019-cu ildə çapdan çıxmış ilk iki nömrəsi, “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi əsərləri” (ingilis dilində), AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalları barədə yığıncaq iştirakçılarına məlumat verib, elmi təşkilatlar tərəfindən dərc edilən nəşrlərin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.
Sonra BTEB-in Elmi şurasının üzvlərinin seçkiləri keçirilib, 14 alim bölmənin elmi şurasının üzvü seçilib. İclasda seçkinin nəticələrinin AMEA Rəyasət Heyətinin müzakirəsinə verilməsi qərara alınıb.
Tədbirdə bölmənin elmi təşkilatlarının rəhbərləri 2020-ci il üzrə doktoranturaya və dissertanturaya qəbul planına dair təkliflərini bildiriblər.
İclasda AMEA-nın Zoologiya və Dendrologiya institutlarının elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi barədə müvafiq qərarlar qəbul edilib, bir sıra kadr məsələləri müzakirə olunub.
Sonda BTEB-in sabiq elmi katibi Ramiz Babayev, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları – elmi işlər üzrə direktor müavini vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, Proteomiks beynəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov və Fotobioenergetika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Yaşar Feyziyev BTEB-in fəxri fərmanı ilə təltif ediliblər.