ELM VƏ TƏHSİL
Akademik Möhsün Nağısoylunun “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması” kitabı nəşr olunub
Bakı, 13 sentyabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylunun “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu kitab “Kitabi-Dədə Qorqud”un 2019-cu ilin əvvəllərində İranda aşkar edilmiş Günbəd əlyazmasından bəhs edən ilk monoqrafik araşdırmadır.
İki fəsildən ibarət tədqiqatda müəllif öncə “Kitabi-Dədə Qorqud”un yeni aşkarlanmış əlyazmasını tekstoloji tədqiqata cəlb edir. Müəllif burada yeni əlyazmanın adı, quruluşu, mövzusu, ideya-məzmun xüsusiyyətləri, “Kitabi-Dədə Qorqud”un Drezden əlyazması ilə səsləşmə məqamları, əlyazmanın mətnində yer alan təkrarlar üzərində dayanır və bütün bu məsələlərə münasibətini bildirir. Uzun illər orta əsrlər türk əlyazma mətnləri üzərində çalışmış mətnşünas-dilçi alimin bu fəsildə qaldırdığı məsələlər qorqudşünaslıq üçün mühüm əhəmiyyət daşıyır.
Kitabın ikinci fəslində yeni aşkarlanmış əlyazmanın filoloji tədqiqi yer alıb. Burada əlyazmanın səciyyəvi orfoqrafik-fonetik xüsusiyyətləri və başlıca leksik özəllikləri ortaya qoyulur. Müəllif əlyazmanın leksik özəlliklərindən bəhs edərkən başlıca diqqəti mətndə işlənmiş türk mənşəli arxaik sözlərə yönəldir və onları tarixi-müqayisəli şəkildə təhlil edir.
Kitabın şərti olaraq ikinci hissəsi kimi dəyərləndirilən bölməsində əlyazmanın tənqidi mətni və sözlüyü yer alıb. Əlyazmanın ilk dəfə hazırlanmış tənqidi mətni “Kitabi-Dədə Qorqud”un yeni mətninin müxtəlif adlarla təqdim olunan üç Türkiyə və bir Bakı nəşri əsasında tərtib olunub.
Cəmi 31 vərəqdən ibarət olan əlyazma kitabı akademik Möhsün Nağısoylunun fikrincə, XVIII yüzilliyin sonlarında Təbrizdə hazırlanıb. İstər əlyazmanın paleoqrafik göstəriciləri, istərsə də dil özəllikləri belə bir fikrə gəlməyə əsas verir. Əlyazma kitabı oğuz elinin bilicisi Dədə Qorqudun soylamalarından və eposun baş qəhrəmanı Qazan xan haqqındakı bir boydan ibarətdir. Kitabın sonunda əlyazmanın faksimilesi də verilib.
“Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması” kitabının elmi redaktoru akademik Kamal Abdulla, məsul redaktoru dosent Qətibə Vaqifqızıdır.