MƏDƏNİYYƏT


Akademik Opera və Balet Teatrında Hüseynqulu Sarabskinin 140 illiyi qeyd edilib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli opera müğənnisi, rejissor, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları foyedə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin sənətkarın həyat və yaradıcılığı ilə bağlı təşkil etdiyi səyyar fotosərgi ilə tanış olublar.

Tədbirdə Hüseynqulu Sarabskinin ömür yolu və yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, o, səhnə fəaliyyətinə 1902-ci ildə Bakıda dramatik rollarla başlayıb. 1908-ci ildən “Nicat” cəmiyyəti nəzdindəki opera truppasının solisti olub. Ü.Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və ən gözəl, yaddaqalan ifaçısı olub və bu rolda 1908–1941-ci illərdə 400 dəfədən artıq çıxış edib. Digər milli opera və operettalarda da əsas partiyaları ilk dəfə H.Sarabski ifa edib. Sarabski sənətinin ecazkarlığı obrazların daxili aləmini təbii boyalarla ifadə etməsində idi. H.Sarabski Bakıda keçirilən “Şərq gecələri”nin təşəbbüsçüsü və fəal iştirakçısı olub. O, həmçinin “Müsəlman opera truppası” və “Müsəlman dram truppası”nın yaradıcılarından biri idi. H.Sarabski 1910-cu ildən rejissor kimi də fəaliyyət göstərib: “Rüstəm və Zöhrab”, “Ər və arvad”, “Arşın mal alan”, “Ölülər” əsərlərini tamaşaya qoyub. Bakıda Mərkəzi Fəhlə Klubunda dram dərnəyinə rəhbərlik edib. H.Sarabski Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmaqla bərabər, 1932-ci ildən ömrünün sonuna kimi Xalq Yaradıcılığı Evinin rəhbəri olub. O, Azərbaycan Dövlət Konservatoriyasında və Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinfi üzrə dərs deyib. Azərbaycan muğamlarının inkişafında, təbliğində, proqramlaşmasında və tədrisində H.Sarabskinin misilsiz xidmətləri olub.

Diqqətə çatdırılıb ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən ölkəmizdə Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyi silsilə tədbirlərlə qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.