ELM VƏ TƏHSİL
Akademik Siddiqə Məmmədova respublikada kənd təsərrüfatı elminin inkişafına mühüm töhfələr verib
Bakı, 7 mart, AZƏRTAC
Martın 8-i görkəmli bioloq alim, Əməkdar Elm Xadimi, biologiya elmləri doktoru, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, “Şöhrət” və “Şərəf” ordenli, akademik Siddiqə Məmmədovanın doğum günüdür.
AZƏRTAC xəbər verir ki, akademik S.Məmmədova respublikada kənd təsərrüfatı elmləri sahəsində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxlu tədqiqatları ilə tanınıb və qazandığı uğurlarla Azərbaycan elminin inkişafına töhfələr verib.
1925-ci il martın 8-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində anadan olmuş S.Məmmədova orada natamam orta məktəbi bitirib. O, 1940-cı ildə Gəncə Kənd Təsərrüfatı Texnikumuna daxil olub, 1943-1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1952-ci ildən etibarən həmin institutda başlayan S.Məmmədova 1963-cü ilədək burada assistent və dosent vəzifələrində çalışıb.
Alim əsərlərində bitkilərin mühafizəsində ekoloji cəhətdən təhlükəsiz və yeni texnologiyaların tətbiqini, eləcə də kənd təsərrüfatı bitkilərinin zərərli faunasına qarşı mübarizə üsullarının işlənib hazırlanmasını xüsusilə diqqət mərkəzində saxlayıb. Onun aktual mövzulara həsr olunan araşdırmaları respublikada aqrar elmlər qarşısında duran bir sıra mühüm vəzifələrin həllinə kömək göstərib.
Akademik S.Məmmədova zəngin elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini uğurla əlaqələndirib, uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf edib. Alimin rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktoru yetişib.
Bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan S.Məmmədova 205-dən çox elmi əsərin, beş tədris vəsaitinin, iki soraq kitabının, üç monoqrafiyanın, yeddi ixtiranın, iki pestisidlər kataloqunun müəllifidir. Müxtəlif ixtiralara görə aldığı 10-dan artıq patent akademikin gərgin əməyinin bəhrəsidir.
S.Məmmədova 1971-ci ildə “Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işi aparıb və müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi alıb. 1973-cü ildə ona professor, 1981-ci ildə isə Əməkdar Elm Xadimi adı verilib. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi və 2001-ci ilin iyununda isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
1963-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilən S.Məmmədova ömrünün sonunadək həmin vəzifədə çalışıb.
Alimin fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” və “Şərəf” ordenləri, müxtəlif medallarla təltif olunub, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Görkəmli akademik S.Məmmədova 2017-ci il avqustun 5-də vəfat edib.