REGİONLAR
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib
Astara, 28 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 28-də Astara Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “O, əsl gözəllik mücəssəməsi idi...” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Astara Rayon Mərkəzi Xəstəxanasının həkimi Fuad Səmədov və başqaları çıxış ediblər. Qeyd olunub ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngin idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çoxşaxəli fəaliyyət göstərib.
Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma, bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq, hər zaman tarixdə qalacaq. O, əsl gözəllik mücəssəməsi idi...
Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Zərifə xanımın ruhu şaddır ona görə ki, son 18 ildə ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycanın inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına nail olan, davamlı uğurların müəllifi onun əsl vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı və cəmiyyətimizə bəxş etdiyi övladı, Prezidentimiz İlham Əliyevdir. Bu illərin ən böyük uğuru isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atması, 30 illik işğala son qoyub, ərazi bütövlüyümüzü təmin etməsidir.