CƏMİYYƏT
Akif Qurbanov: Yeniyetmələrə yalnız “Pfizer” peyvəndinin vurulması digər vaksinlərin təhlükəli olması mənasını vermir
Bakı, 8 sentyabr, AZƏRTAC
Avropa Dərman Agentliyi və Amerika Ərzaq və Dərman Administrasiyasının mRNT platformasında hazırlanan “Pfizer” peyvəndinin yeniyetmələrə vurulmasına dair rəsmi icazəsi var. Yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən “Pfizer” peyvəndinin təlimatında həmin vaksinin 12 yaşdan yuxarı olanlar üçün əks-göstəriş olmadığı qeyd olunub.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov məlumat verib.
Professor bildirib ki, 16-18 yaşlı yeniyetmələrə yalnız “Pfizer” peyvəndinin vurulması digərlərinin təhlükəli olması mənasını vermir: “Sadəcə olaraq, Azərbaycanda koronavirus infeksiyası əleyhinə istifadə edilən digər “CoronoVac” və “Sputnik V” peyvəndlərinin 18 yaşdan aşağı olanlar üçün istifadəsinə icazə yoxdur. Həmin peyvəndlərin təlimatında belə göstəriş qeyd olunmayıb”.
Xatırladaq ki, sentyabrın 7-dən etibarən Azərbaycanda 16-18 yaşlı yeniyetmələr istisna hallarda koronavirus əleyhinə vaksinasiyadan keçə bilərlər. Yeniyetmələrin vaksinasiyası üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür.