İQTİSADİYYAT
“Akkord Georgia” şirkəti Gürcüstanda yeni tenderin qalibi olub
Tbilisi, 15 dekabr, AZƏRTAC
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” (“Akkord STİK”) ASC Gürcüstanda daha bir tenderin qalibi olub.
AZƏRTAC xəbər verir ki, Gürcüstan hökuməti ümumi dəyəri 31 998 000 GEL olan “Dedoplistskaro şəhərinin və rayonun 2 kəndinin su təchizatı sisteminin dizayn-tikinti işləri” ilə əlaqədar tender elan edib. “Akkord STİK” bu tender iştirak edib və ən sərfəli şərtlər irəli sürərək tenderin qalibi olub.
ASC-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Məzahir Abdullayev AZƏRTAC-a bildirib ki, bir neçə mərhələdən ibarət olan tender prosesi Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin (United Water Supply Company of Georgia - sifarişçi) 2020-ci il 1 dekabr tarixli protokolu ilə yekunlaşıb. Dekabrın 15-də “Akkord STİK” ilə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti arasında müqavilə imzalanıb.
Layihədə təxmini göstəricisi 300-400 kubmetr/saat su axını olan su təchizatı baş binasının təşkili (quyu, üfüqi su tutumu və ya şaxta quyusu), təxmini göstəriciləri Q=300-400 kubmetr/saat, H=650-700 metr olan nasosxananın tikintisi (50 kubmetr su anbarı, elektrik şlanqları və hidravlik şok sistemi ilə), 38 kilometr uzunluğunda DN=400 millimetrlik yüksək təzyiqli izolyasiyalı magistral polad borunun təşkili, 13 kilometr uzunluğunda DN=200 millimetr polad və ya polietilen borunun təşkili, 4500 ədəd AMR tipli D15 millimetrlik su sayğacının quraşdırılması, 2x600 kubmetr mövcud su anbarının reabilitasiyası və dekontaminasiyasının təşkili və s. işlər nəzərdə tutulub. Layihənin 2024-cü ilin fevral ayında başa çatdırılması gözlənilir.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır. Azərbaycan şirkətləri bu tərəfdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynayır. Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan şirkətlərinin, o cümlədən “Akkord STİK”in işini yüksək qiymətləndirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi