CƏMİYYƏT
Aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkarlanıb
Bakı, 14 avqust, AZƏRTAC
Aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Qoşa Təpə” gömrük postunda İran, Azərbaycan və Gürcüstan ərazilərindən tranzit keçməklə İraqdan Türkiyəyə yüksüz gedən Türkiyə vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi “VOLVO” markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanılıb, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçirib.
Baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılmış və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 800 ədəd üzərində “GSS”, 1800 ədəd üzərində “Brilliant”, 5000 ədəd üzərində “OSCAR”, 6000 ədəd üzərində “KİNG”, 8000 ədəd üzərində “MM” və 408 min ədəd üzərində "Victory" yazısı olan, ümumilikdə 429 min 600 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.