İQTİSADİYYAT
Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup hesabat verib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən tədbirdə İşçi Qrupun əvvəlki iclasından ötən dövr ərzində həyata keçirilmiş tədbirlərə dair İşçi Qrupun Katibliyinin hesabatı dinlənilib, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrası müzakirə olunub.
Eyni zamanda, Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti İdarəetmə və Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələrinin “Yaşıl enerji zonası” konsepsiyasının tələblərinə uyğun olaraq həyata keçirilən tikinti-quruculuq işlərinə və reallaşdırılmış layihələrə dair məruzələri dinlənilib.
İclasda, həmçinin yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqinə əməl edilməsinin monitorinqi və digər cari məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, iclasda İşçi Qrupuna daxil olan dövlət qurumları ilə yanaşı, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin və Qarabağ Dirçəliş Fondunun nümayəndələri də iştirak ediblər.