CƏMİYYƏT
“Alaş Orda. Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” elmi məqalələr toplusunun təqdimatı olub VİDEO
Bakı, 20 dekabr, AZƏRTAC
Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda. Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” adlı elmi məqalələr toplusunun təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbir zamanı, həmçinin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qazax dilində nəşr olunmuş şeirlərindən ibarət kitabı təqdim edilib.
Tədbirdə rəsmi şəxslər, deputatlar, diplomatlar, alimlər, jurnalistlər və başqaları iştirak ediblər.
Çıxış edənlər XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Alaş Orda dövlətinin tarixi barədə məlumat veriblər. Bildirilib ki, Alaş Orda milli liberal hərəkatın liderləri tərəfindən qurulmuş Alaş partiyasının fəaliyyəti ilə güclənmişdi. Bu partiya qazax xalqının öz müqəddəratını təyin etmək, milli dövlətçilik, dil, mədəniyyət və ənənələri qorumaq ideyalarını müdafiə edən insanları özündə birləşdirirdi. Onun hədəfləri qazax xalqının azad və müstəqil dövlət qurması arzusuna əsaslanırdı.
Tədbirdə, həmçinin Hüseyn Cavidin yaradıcılığı haqqında danışılıb. Bildirilib ki, böyük şairin ideyaları təkcə Azərbaycan üçün deyil, bütün türkdilli xalqlar üçün gərəkli olub və olacaq.
Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası ilə Əl Fərabi adına Qazaxıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.