DÜNYA
Əlcəzair müstəqillik və gənclər bayramını qeyd edir
Bakı, 7 iyul, AZƏRTAC
Əlcəzair azadlıq uğrunda öz gəncliyini qurban vermiş şəxslərdən 24-nün qalıqlarını Fransadan geri qaytarmaqla müstəqillik və gənclər bayramını qeyd edir.
Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri xanım Səlimə Abdelhaq deyib ki, Əlcəzair hər il olduğu kimi, bu il də müstəqillik və gənclər bayramının ildönümünü qeyd edir. O, həmçinin bu əlamətdar günün Əlcəzair xalqının qəlbində yaşadılmasının 100 ildən artıq davam edən işğal, ədalətsizlik, zülmdən xilas olmasına və qeyd-şərtsiz müstəqilliyin geri qaytarılmasına imkan verdiyini bildirib. Səfir bu il müstəqillik bayramının öz təbii və insani hüquqlarından 170 ildən artıq məhrum olmuş milli müqavimət hərəkatının liderlərindən 24-nün qalıqlarının Fransadan geri qaytarılmasına təsadüf etdiyini vurğulayıb. Sanki tale həmin şəhidlərin müstəqillik bayramı günü "Aliyə" qəbiristanlığında, öz müqavimət yoldaşlarının yanında dəfn edilməsini istəyir.
Səfir əlavə edib ki, Azərbaycanda məskunlaşan və mövcud şəraitlə bağlı Bakıda qalmış əlcəzairlilər də bu unudulmaz günü qeyd edirlər. Səlimə Abdelhaq Əlcəzair xalqına, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən Əlcəzair diasporunun üzvlərinə, pandemiya səbəbindən Bakıda qalmış əlcəzairlilərə təbriklərini çatdırıb, onlara müvəffəqiyyətlər arzulayıb. Sonda diplomat Əlcəzairin daim müstəqil və çiçəklənən dövlət olduğunu, ölkəsinin Azərbaycanla dostluğunun əbədi olacağını vurğulayıb.