SİYASƏT


Əli Hüseynli: Azərbaycan Liviya ilə münasibətlərin inkişafında maraqlıdır

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Liviya parlamenti sədrinin 1-ci müavini Fouzi Salimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan birinci vitse-spiker Azərbaycanın ev sahibliyi ilə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Liviya nümayəndə heyətinin iştirakını yüksək dəyərləndirib. O, Azərbaycanla Liviyanın beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında əməkdaşlığına toxunub, Ermənistanın işğalına məruz qalan Azərbaycanın ərazi bütövlüyünü Liviyanın dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. Əli Hüseynli hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının nüfuzunun artdığını vurğulayıb və Azərbaycanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə sədrliyinin də uğurlu olacağına əminliyini bildirib.

Birinci vitse-spiker Azərbaycanın Liviya ilə münasibətlərin, eyni zamanda, parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, Milli Məclisdə Liviya ilə bağlı dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Liviya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərinin parlamentlərarası əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Liviya parlamenti sədrinin 1-ci müavini Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransına dəvətə, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, torpaqlarını işğaldan azad etməsi münasibətilə Azərbaycanı bir daha təbrik etdiyini söyləyib. Fouzi Salim Liviyadakı mövcud vəziyyət, yeni konstitusiyanın qəbulu və parlamentarizmin möhkəmləndirilməsi prosesləri barədə məlumat verib.

Söhbət zamanı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis olunmasının əhəmiyyətindən danışılıb, ölkələrimiz arasında ikitərəfli səviyyədə, o cümlədən parlament səviyyəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.