CƏMİYYƏT
Ali Məhkəmənin qərarlarında effektiv axtarış aparılmasını təmin edən yeni informasiya-axtarış sistemi yaradılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin keyfiyyətinin artırılması ilə bağlı məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün tədbirlərin görülməsi davam etdirilir.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə görülmüş işlərin davamı olaraq qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Ali Məhkəmənin Elektron məhkəmə məsələləri və İnformasiya texnologiyaları şöbəsinin və Aparatın digər struktur bölmələrinin əməkdaşları tərəfindən müxtəlif meyarlar əsasında məhkəmə qərarlarında effektiv axtarışın aparılmasını təmin edən yeni informasiya-axtarış sistemi yaradılıb. Qeyd edilən sistemə Ali Məhkəmənin internet saytının ana səhifəsindən və “Elektron xidmətlər” bölməsindən keçid etmək mümkündür (https://sc.supremecourt.gov.az/decision/).
İstifadəçilər informasiya-axtarış sistemində axtarışın həyata keçirilməsi və lazım olan məlumatın daha səmərəli yolla əldə etməsi üçün müvafiq funksionallıqlardan, eyni zamanda, mətn üzrə axtarış funksiyasından istifadə edə bilərlər.
Yeni yaradılmış informasiya-axtarış sistemi Ali Məhkəmənin Plenumunda və kollegiyalarında baxılan işlər üzrə konkret mübahisə predmetinə aid söz və söz birləşmələrindən istifadə etməklə, eyni zamanda, müxtəlif meyarlar seçməklə mübahisəli hüquqi məsələlərə dair Ali Məhkəmənin hüquqi mövqeyini istifadəçilərin asan şəkildə öyrənməsinə imkan verəcək. Bununla da, aşağı instansiya məhkəmələri və geniş ictimaiyyət müxtəlif hüquqi məsələlərə dair Ali Məhkəmənin qərarlarındakı hüquqi yanaşmalara asan çıxış imkanı əldə edəcəklər. Bu isə son nəticədə vahid məhkəmə təcrübəsinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edəcək, eləcə də ədalət mühakiməsinin proqnozlaşdırıla bilən olmasına ciddi töhfə verəcək.