CƏMİYYƏT


Ali Məhkəmənin sədri: Medianın cəmiyyətimizdə rolu böyükdür VİDEO

Ali Məhkəmənin sədri: Medianın cəmiyyətimizdə rolu böyükdür VİDEO

Bakı, 25 may, AZƏRTAC

Ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır. Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir.

Ali Məhkəmə məhz bu səbəblərdən məhkəmə islahatlarına dəstək vermək üçün “Femida dialoq platforması”nı təsis edib. Bu platforma çərçivəsində hüquqşünaslar, hüquq müdafiəçiləri, eləcə də vətəndaş cəmiyyəti institutları ilə müzakirələr təşkil olunur. “Femida dialoq platforması” üzrə sayca ikinci görüşün media nümayəndələri ilə keçirilməsi ictimai-siyasi həyatın əsasını təşkil edən medianın cəmiyyətimizdəki böyük rolundan irəli gəlir.

AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida dialoq platforması” çərçivəsində media qurumlarının rəhbərləri ilə keçirilən görüşdə deyib.

Ali Məhkəmənin sədri İnam Kərimov vurğulayıb ki, media cəmiyyətin hər bir üzvünü onlar üçün əhəmiyyət kəsb edən məsələlər haqqında daha yaxşı məlumatlı olmağa imkan verən faktlarla təmin edir. Eyni zamanda, informasiyanın mötəbərliyinin və dəqiqliyinin yoxlanılması, eləcə də təhlil olunması üçün müxtəlif baxışlara, müzakirə və tənqidlər üçün şərait yaradır. Bütün bunlar isə cəmiyyətdə sağlam rəqabəti təmin etməklə inkişafa dəstək vermiş olur.

Ölkəmizdə digər sahələrlə yanaşı, media sahəsində də islahatlar hər zaman dövlətin diqqətində olub. Son dövrlərdə aparılan islahatlarla media fəaliyyətinin qanunvericilik bazası təkmilləşdirilib, media fəaliyyətinin iqtisadi əsasları möhkəmləndirilib. Eyni zamanda dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması istiqamətində mühüm işlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.