CƏMİYYƏT
Əli Nağıyev: Tezliklə qazanacağımız zəfərimizdən sonra sosial-psixoloji durumumuz daha da yüksələcək
Bakı, 1 oktyabr, AZƏRTAC
Bir neçə gündür ki, Azərbaycan Ordusunun torpaqlarımız uğrunda apardığı mübarizə, qazanılan uğurlar, cəsarətli addımlar, gənclərimizin böyük sevinclə könüllü olaraq orduya yazılmaları, həvəslə döyüşə getmələri məni bir vətəndaş, keçmiş hərbi həkim kimi çox sevindirir. Qazanılan zəfərlərə təsir edən vacib amillərdən biri də toplumsal birliyimizdir. Bu şanlı günlər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıxlaşan xalqın necə bir vətənpərvər toplum olmasının göstəricisidir. Rəşadətli ordumuz ard-arda tarix yazır, mənfur düşmənə göz açmağa imkan vermir. Xalqımızda ruh yüksəkliyi müşahidə olunur, vətəndaşlar ordumuzun gücünə, 30 ilə yaxın davam edən Qarabağ həsrətinin tezliklə bitəcəyinə inanırlar. Əminəm ki, igid Vətən övladları haqq davamızdan tezliklə alnıaçıq, üzüağ ayrılacaq, ürəyimizdəki intizara son qoyacaqlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan vətəndaşlarında Qarabağ və ətraf rayonların erməni vandalları tərəfindən işğal olunmasından sonra melanxolik depressiv vəziyyət müşahidə olunub: “Tezliklə qazanacağımız zəfərimizdən sonra toplum olaraq sosial-psixoloji durumumuz daha da yüksələcək, böyük nəşə və sevinc olacaq. Nəticədə yaxın 10 ildə psixosomatik xəstəliklərin rastgəlmə tezliyi azalacaq, ümumi psixososial vəziyyət yaxşılaşacaq. Möhtəşəm qələbəmiz ölkəmizin dünyaya günəş kimi doğacağına və inkişafına bir təkan olacaq. Var olsun şanlı ordumuz! Var olsun Ali Baş Komandan! Var olsun bizə dəstək olan qardaş Türkiyə Cümhuriyyəti! Allah bütün hərbi qulluqçularımızı qorusun. Uca Tanrıdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Şəhidlərimizin qanı yerdə qalmayacaq, onların qisası layiqincə alınır və alınacaq”.