REGİONLAR


Əli Quliyev: Milli Qurtuluş Günü Azərbaycanda yeni dövrün - əmin-amanlığın, inkişafın, sabitliyin başlanğıcıdır

Yevlax, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

1993-cü ilin 15 iyun tarixi Azərbaycanda yeni dövrün - əmin-amanlığın, inkişafın, sabitliyin başlanğıcıdır. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, bu gününün və gələcəyinin formalaşmasında müstəsna rol oynayan Heydər Əliyevdir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yevlax rayonunun ziyalısı Əli Quliyev söyləyib.

Əli Quliyev 1993-cü ilin iyun ayındakı ictimai-siyasi prosesləri, xalqımız üçün çətin, ağrılı günləri xatırlayaraq deyib: “1993-cü ilin iyununda xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizi təhlükə altına almışdı. Daşnakların “böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Belə bir çətin dövrdə ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etdi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi, qiyamı və ölkədə baş qaldırmış bu kimi hadisələrin qarşısını aldı. 1993-cü il iyunun 15-də böyük siyasi xadim Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi”.

Əli Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması ölkəmizi məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etdi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan diyara çevirdi.

“Bilirsiniz ki, zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixiləşdirən, əbədiləşdirən qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Biz azərbaycanlılar da ulu öndər Heydər Əliyevə borcluyuq”, – deyə Əli Quliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.