SİYASƏT
Ali Radanın deputatı: Prezidentlərin bəyanatı Ukrayna və Azərbaycan xalqları arasında möhkəm dostluğa inamdan xəbər verir
Kiyev, 15 yanvar, AZƏRTAC
Azərbaycan və Ukrayna prezidentlərinin Kiyevdə çoxdan gözlənilən görüşü çox uğurlu oldu. Prezidentlərin bəyanatı Ukrayna və Azərbaycan xalqları arasında möhkəm dostluğa inamdan xəbər verir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.
Deputat bildirib ki, Azərbaycan və Ukrayna yeni geosiyasi çağırışlar fonunda ikitərəfli münasibətləri nəinki indiki səviyyədə saxlamağın, həm də hərtərəfli inkişaf etdirməyin vacib olduğunu anlayır.
“Ölkələrimiz arasında kənd təsərrüfatı, energetika və ticarət sahələrində əməkdaşlığı gücləndirən altı sənədin imzalanması pandemiyanın Bakı ilə Kiyev arasında iqtisadi, siyasi əməkdaşlığın aktuallığını və əhəmiyyətini aşağı salmadığının sübutudur”, - deyə deputat əlavə edib.
Valeriy Kolyux bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü özlüyündə simvolik xarakter daşıyır.
“Bundan sonra ölkələrimizin Ukraynada “Böyük Tikinti” proqramında, Azərbaycanda Qarabağın infrastruktur layihələrində yeni birgə uğurlara imza atacağına əminəm”, - deyə Valeriy Kolyux vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev