ELM VƏ TƏHSİL
Ali məktəblərlə müəssisələr arasında əlaqələr möhkəmləndirilir
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə “Ali təhsil ocaqları ilə mehmanxana müəssisələri arasında qarşılıqlı iş birliyi” mövzusunda elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ATMU-nun mehmanxana və restoran biznesi kafedrasının əməkdaşlarının müəllifliyi ilə çapdan çıxan “Xammal və qida məhsullarının təhlükəsizliyi” dərs vəsaitinin təqdimatı olub.
ATMU-nun rektoru İlham Mədətov elmi seminarın həm universitet, həm də müvafiq müəssisələr üçün faydalı olacağına əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
Sonra universitetin mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev ali təhsil ocaqları ilə müəssisələr arasında əlaqələrin qurulması istiqamətində qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərini bildirib.
Seminarda ATMU ilə müxtəlif müəssisələrin rəhbərləri arasında qarşılıqlı iş birliyinin daha da möhkəmləndirilməsi, o cümlədən bir həftəlik tanışlıq praktikasının təşkili, turizm və otelçilik ixtisası üzrə tədris planlarının müəssisə rəhbərlərinin təklifləri nəzərə alınaraq yenilənməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.