CƏMİYYƏT


Əlilliyin qiymətləndirilməsi üçün göndəriş vermək hüququ olan TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı müəyyən olunub

Bakı, 8 iyun, AZƏRTAC

Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və bu sahədə işin keyfiyyətini yüksəltmək məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki 163 tibb müəssisəsi müəyyən olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, tibb müəssisələrinin siyahısı müəyyənləşdirilərkən onların imkan və potensialı nəzərə alınıb, maddi-texniki baza və kadr resursları yüksək səviyyədə olanlar əlilliyin qiymətləndirilməsi ilə bağlı göndəriş vermək üçün seçilib. Görülən tədbirlər əlillik dərəcəsinin müəyyənləşdirilməsi üçün tibb müəssisəsinə müraciət edən vətəndaşların müayinələrə əlçatanlığını təmin olunmasına və keyfiyyətli tibbi xidmətlər əldə etməsinə xidmət edir.

Həmin tibb müəssisələrinin əlilliyin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müayinəsinə göndəriş vermək hüququ var.

Müəyyən edilən tibb müəssisələri Həkim Məsləhət Komissiyaları əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətlərin müəyyən edilməsi üçün TSEK-ə göndəriş verə bilər. Eyni zamanda həmin tibb müəssisələrinə əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlillik səbəbinin dəyişdirilməsi, istehsalatda alınmış zədə və ya sağlamlığın pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələri ilə təmin edilməsi üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil etmək səlahiyyəti verilib. Göndərişdəki xəstəlik vəziyyəti əsasında TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir.

Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı ilə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.