ELM VƏ TƏHSİL
“Alimlər şəhərciyi”ndə inşaat işləri müasir standartlara uyğun aparılır
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Abşeron rayonunun Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın rəhbərliyinə kompleksin layihəsi əsasında icra olunan və görüləcək işlər barədə məlumat verilib. Elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədilə salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində inşaat işlərinin müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, hazırda ilk binanın yeddinci mərtəbəsində işlər yekunlaşıb. Yaxın günlərdə isə səkkizinci mərtəbənin inşasına başlanılacaq.
Qeyd edək ki, mənzillərin ipoteka yolu ilə satışının təşkili məqsədilə ölkə başçısına müraciət olunub.