ELM VƏ TƏHSİL
Alimlərimiz arxeoloji tədqiqatları uğurla davam etdirirlər
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri arxeoloji tədqiqatları uğurla davam etdirirlər.
Bu barədə institut direktorunun elmi işlər üzrə müavini Nəcəf Müseyibli AZƏRTAC-a müsahibəsində məlumat verib. Alim bildirib ki, hazırda Şəmkir və Qəbələ rayonlarının ərazilərində arxeoloji tədqiqatlar aparılır. Arxeoloji qazıntıların aparılması üçün respublikanın digər bölgələrinə də arxeoloji ekspedisiyalar göndərilir.
İnstitutun beynəlxalq əlaqələrinin genişləndiyini söyləyən N.Müseyibli qeyd edib ki, Almaniya alimləri ilə Ağcabədidə və Şəmkirdə, Yaponiya mütəxəssisləri ilə Tovuzda, Koreya Respublikasının arxeoloqları ilə Qəbələ rayonunun ərazisindəki qədim Qəbələ şəhərinin xarabalıqlarında, Fransa alimləri ilə Naxçıvanda və Tovuz rayonu ərazisində arxeoloji tədqiqatlar aparılacaq.
Son illərdə aparılmış arxeoloji tədqiqatların nəticələri barədə danışan N.Müseyibli bildirib ki, Mingəçevir ətrafında, Şəki və Zaqatala rayonlarında aparılmış tədqiqatlar nəticəsində yaşı 450-500 min il olan ibtidai insan məskənləri aşkara çıxarılıb. Aparılan arxeoloji qazıntı və tədqiqatlar tariximizin araşdırılmasında və öyrənilməsində xüsusi əhəmiyyətə malikdir.