CƏMİYYƏT
Allergik xəstəliklərin müalicəsinə müasir yanaşmalar mövzusu müzakirə olunub
Bakı, 24 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarın açılışında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxış edib. O bildirib ki, hospital yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə yoluxanların müalicəsi ilə məşğul olsa da, COVID-19-un müalicəsinə həsr edilmiş onlayn konfrans və vebinarlarda transplantologiya, pediatriya və ginekologiya sahələrində infeksiyanın müalicəsində olan aktual məsələləri müzakirə edib. O, allergik xəstəliklərə həsr olunan seminar iştirakçılarını müzakirə və sual-cavab sessiyalarında fəal iştirak etməyə çağırıb.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımovanın moderatorluğu ilə keçirilən beynəlxalq elmi seminarda Azərbaycan, Qazaxıstan və Rusiyadan olan ekspertlərin 4 məruzəsi təqdim olunub. Astana Tibb Universitetinin allerqologiya, hematologiya və endokrinologiya üzrə uşaq xəstəlikləri kafedrasının assistenti Oksana Usenova "Allergiyanın müasir diaqnostikası: skrininqdən molekulyar səviyyəyə qədər", Moskva şəhər Diplomdan sonrakı Təhsil Akademiyasının Kliniki immunologiya və allerqologiya kafedrasının professoru Yuri Smolkin "Klinik praktikada molekulyar allerqodiaqnostikanın üstünlükləri", Əməkdar həkim, “Makrobioz” Klinikasının baş direktoru Faizə Əliyeva “Allergik xəstəliklərin profilaktikasına inteqrasiya yanaşmaları” və həmin klinikanın həkim-diyetoloqu Emil Hidayətli “Allergik hallarda iltihab əleyhinə pəhrizin effektivliyi” mövzusunda çıxış ediblər.
Təqdimatlarda allergik xəstəliklərin dəqiq diaqnostikasının müasir üsulları, düzgün terapevtik müdaxilələrin seçilməsi, o cümlədən pəhriz saxlanılan zaman qida məhdudiyyətlərinin seçilməsinə yanaşmalar barədə ətraflı məlumat verilib.