DÜNYA


Alman-italyan münasibətləri qaçqınlara görə pisləşə bilərmi?

Berlin, 9 oktyabr, AZƏRTAC

Almaniyanın xarici işlər naziri Horst Zeyehofer sentyabrın ortalarında bildirmişdi ki, Berlin qeyri-leqal miqrantların Avstriya-Almaniya sərhədindən qaytarılması ilə bağlı Roma ilə razılığa gəlib. Belə ki, irəli sürülən şərtlərə görə, Almaniya İtaliyada sığınacaq istəmiş qaçqınları bu ölkəyə geri göndərəcək, həmçinin İtaliya Aralıq dənizində xilas edilmiş qanunsuz miqrantları qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, tərəflər o zaman saziş imzalamayıb və İtaliyanın daxili işlər naziri Matteo Salvini bunun üçün bir sıra əlavə şərtlər irəli sürüb. İtaliya Dublin sazişini dəyişmək və qaçqınların Avropa ölkələri üzrə avtomatik bölgüsünə nail olmaq istəyir. Sənədin indiki variantında miqranta ilk gəldiyi ölkədə sığınacaq verilməsi nəzərdə tutulur. Eyni zamanda, Roma Avropa İttifaqının (Aİ) “Sofiya” missiyası çərçivəsində xilas edilən miqrantların hamısının İtaliyada qalmasını da istəmir.

Salvini Aİ-nin digər ölkələrindən miqrantları daşıyan təyyarələri də qəbul etməyəcəyi barədə xəbərdarlıq edib. İtaliyalı nazir deyib: “Biz, əvvəllər dəniz limanlarında olduğu kimi, hava limanlarını da bağlaya bilərik. Əgər Berlin və Brüsseldə kimlərsə icazəsiz çarter reysləri ilə onlarla miqrantı İtaliyaya soxmaq istəyirsə, onları qəbul edəcək heç bir hava limanı yoxdur və olmayacaq”.

Nazir bu bəyanatı “La Repubblica” qəzetində dərc olunmuş məqalədən sonra verib. Məqalədə deyilir ki, Almaniya hökuməti Aİ ərazisinə İtaliyadan gəlmiş miqrantları geri qaytarmaq üçün çarter reysləri göndərmək niyyətindədir. Qəzetin məlumatına görə, ilk reys oktyabrın 9-na nəzərdə tutulub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.