İDMAN


Almaniya Bundestaqında birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Almaniya Bundestaqında birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Berlin, 23 aprel, AZƏRTAC 

Almaniya Bundestaqında Azərbaycanda keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub.

Bundestaqın İdman Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə bu komitəni təmsil edən deputatlar, Almaniya Federativ Respublikası Hökuməti və bu ölkənin Milli Olimpiya Komitəsinin nümayəndələri, Bundestaq Aparatı və deputat bürolarının əməkdaşları, jurnalistlər iştirak ediblər.

Bundestaqın İdman Komitəsinin sədri, deputat Daqmar Fraytaq tədbirdə çıxış edərək “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunub.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıqdan danışıb. Diplomat son vaxtlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya iki işgüzar səfər etdiyini xatırladan səfir bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Oyunlarla bağlı təqdimatla çıxış edib. O, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə bu mötəbər idman tədbirinin yüksək səviyyədə təşkil olunması üçün hazırlıq işlərinin böyük hissəsinin artıq başa çatdığını bildirib.

F.Hacıyev ilk Avropa Oyunları zamanı tətbiq olunacaq asanlaşdırılmış viza qaydaları, jurnalistlər üçün akkreditasiya şərtləri, “Bakı-2015”də iştirak edəcək ölkələr, idmançılar və onlar üçün yaradılmış şərait, idman qurğuları, müasir infrastruktur layihələri, Oyunların Azərbaycan, Avropa və dünya idmanına töhfələri və s. barədə əraflı məlumat verib.

Çıxışlardan sonra məruzəçilər Bundestaqın İdman Komitəsi üzvlərinin Avropa Oyunlarına hazırlıqla bağlı suallarını cavablandırıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.