SİYASƏT
Almaniya Bundestaqının üzvü Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Almaniya Bundestaqının Xarici siyasət komitəsinin üzvü, hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel “100 ildən çox davam edən münaqişə” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda münaqişənin Sovet İttifaqının dağılmasının məhsulu olduğu, regionda müsəlman və xristianlar arasında dini gərginliyinin nəticəsi olmadığı, onun tarixi köklərinin 100 il əvvəl burjua inqilabına gedib çıxdığı bildirilir. Qeyd olunur ki, Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan 1992-1994-cü illərdə Dağlıq Qarabağ uğrunda müharibə aparıb. Münaqişə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının məlum qətnamələri təsdiq edir ki, bu ərazi beynəlxalq hüquqla Azərbaycana məxsusdur və Ermənistan tərəfindən işğal olunub.
Bildirilib ki, 1994-cü ildə atəşkəsindən sonra ATƏT-in Minsk qrupu tərəfindən sülh danışıqları həyata keçirilir. Münaqişənin sülh yolu ilə həlli üçün Madrid prinsipləri adlanan baza prinsipləri hazırlanıb və münaqişə tərəfləri ilə razılaşdırılıb. Amma bu prinsiplər həyata keçirilməyib. Bu sənədə əsasən, münaqişənin həlli Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılmalı, bütün rabitə, nəqliyyat və ticarət blokadaları aradan qaldırılmalı, Dağlıq Qarabağ üçün keçid statusun müəyyən edilməsi, məcburi köçkünlərin və qaçqınların geri qaytarılması, Dağlıq Qarabağın yekun statusunun hər iki əhali qrupunun iştirakı ilə və beynəlxalq nəzarət altında referendumla müəyyən edilməlidir.
Məqalədə bildirilir ki, Ermənistan indiyədək işğal altında saxladığı Dağlıq Qarabağı və ətraf əraziləri qaytarmaqdan imtina edib.
Deputat bildirir ki, Ermənistan və Azərbaycan baza prinsiplərində nəzərə tutulan addımları həyata keçirməli, qarşılıqlı etimad yaratmaq məqsədilə beynəlxalq dəstəklə bir neçə addım eyni vaxtda reallaşdırılmalıdır. Belə ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxmalı, Azərbaycan isə yenidən müəyyən ediləcək təmas xəttindəki ATƏT-in sülh missiyasına razılıq verməli, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə zəmanət verməlidir.