DÜNYA
Almaniya prezidenti “böyük koalisiyanın” potensial iştirakçılarını görüşə dəvət edib
Bakı, 24 noyabr, AZƏRTAC
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkədə siyasi böhranın tənzimlənməsində vasitəçilik səylərini davam etdirir. Noyabrın 24-də “Bild” qəzeti dövlət başçısının Xristian-demokratik İttifaqı (XDİ), Xristian-sosial ittifaqı (XSİ) və Almaniyanın sosial-demokrat partiyası (ASDP) rəhbərlərini Berlində ümumi görüşə dəvət etdiyi barədə məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ştaynmayerin Angela Merkel, Horst Zeehofer və Martin Şultsla görüşünün noyabrın 27-də və ya 28-də “Bellevue” sarayında baş tutacağı gözlənilir.
Almaniyada XDİ, XSİ və ASDP-dən ibarət hökumət ittifaqını “böyük koalisiya” adlandırırlar. Bu yaxınlara qədər “böyük koalisiyanın” nazirlər kabinetini formalaşdırmaq variantı nəzərdən keçirilmirdi. Lakin Merkelin digər partiyalarla koalisiya barədə razılıq əldə edə bilməməsi və ölkənin təkrar seçkilər astanasında dayanması səbəbindən vəziyyət dəyişib.