DÜNYA
Almaniyada terrorçularla əlbir olmaqda şübhəli bilinən qaçqınların sayı artır
Berlin, 27 iyul, AZƏRTAC
Almaniyada terrorizmdə şübhəli bilinən qaçqınların sayı artır. Cinayət İşləri üzrə Federal İdarənin məlumatına görə, hazırda ölkənin xüsusi xidmət orqanlarına 410 belə xəbərdarlıq daxil olub. “Neue Osnabrücker Zeitung” qəzeti yazır ki, 60 miqrantın cihadçılarla əlaqələri yoxlanılır.
2016-cı ilin may ayının ortalarına olan vəziyyətə görə, Cinayət İşləri üzrə Federal İdarədə qaçqınların terrorizmə aidiyyəti olması barədə 369 xəbərdarlıq qeydə alınıb, 40 miqrant barəsində araşdırma aparılıb.
İdarənin məlumatında deyilir: “Almaniyaya fasiləsiz miqrant axını ilə əlaqədar nəzərə almalıyıq ki, qaçqınlar arasında müxtəlif qruplaşmaların fəal və sabiq üzvləri, onların köməkçiləri və terrorçu təşkilatlara rəğbət bəsləyənlər, habelə cinayətkar məqsədlər güdən hərbi cinayətkarlar ola bilər”.
Parisdəki terror aktları göstərdi ki, “İslam dövləti” (İŞİD) ekstremist təşkilatı Avropaya qaçqın adı ilə terrorçular göndərə bilər.
Cinayət işləri üzrə Federal İdarənin məlumatına görə, İŞİD terrorçu qruplaşması tərəfində döyüşmək üçün Almaniyadan Suriyaya yola düşən ekstremistlərin sayı da artıb. Xüsusi xidmət orqanlarına təqribən 840 belə fakt məlumdur. Həmin ekstremistlərin təqribən üçdəbir hissəsi döyüş təcrübəsi toplayaraq Almaniyaya qayıdıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin