DÜNYA
Almaniyanın iqtisadiyyat naziri qazdan qənaətlə istifadə etməyə çağırıb
Bakı, 20 iyun, AZƏRTAC
Almaniyanın iqtisadiyyat naziri Robert Habek ölkədə qış dövrü üçün qaz ehtiyatları ilə bağlı vəziyyətin ciddi olduğunu etiraf edib və elektrik stansiyalarının fəaliyyətinin təmin olunması üçün mavi yanacağı qənaətlə işlətməyə, eləcə də kömürdən istifadəni genişləndirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Robert Habek bu barədə ZDF telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, qış aylarınadək ölkədə ən azı 90 faiz qaz ehtiyatı olmalıdır, bu gün isə qaz anbarları yalnız 57 faiz doldurulub. “Bu göstərici mövsüm üçün pis deyil, lakin ehtiyatın çatışmayan hissəsini yayda tədarük və qənaətlə əldə etməliyik”, - deyə nazir bildirib.
Qazıntı yanacaqlarından istifadəyə qarşı çıxan “yaşıllar” partiyasını təmsil edən nazir vəziyyətdən çıxış yolu kimi bütün vasitələrlə qazdan istifadəni azaltmaq və kömürlə işləyən elektrik stansiyalarını yenidən şəbəkəyə qoşmaq təklifini irəli sürüb. “Mən indi partiya proqramından uzaq durmağa və Almaniyada tədarükün təhlükəsizliyini təmin etmək üçün əlimdən gələni etməyə çalışıram”, - deyə o vurğulayıb.
Robert Habek, həmçinin atom elektrik stansiyalarının aktiv fəaliyyəti ilə bağlı əvvəlki planların həyata keçirilməsinin çətin olduğunu deyib: “Ölkədə qalan üç atom elektrik stansiyası işləməyə davam edir. Lakin onların uzun müddət işləməsi üçün yanacaq sifariş edilməlidir. Yanacaq isə gələn ilin ortalarına və ya sonuna qədər hazır ola bilər. Onların bu qış bizə köməyi dəyməyəcək”.
Eyni zamanda, Rusiyanın qiymətləri qaldırmaq üçün Avropaya qaz nəqlini azaltdığını deyən nazir Almaniyanın bu ssenariyə hazır olduğunu bildirib.
“Qazprom” kompaniyasının məlumatına görə, “Şimal axını 1” kəməri vasitəsilə Avropaya qaz tədarükünün azalmasına “Siemens Energy” kompressor turbinlərinin təmirinin gecikməsi səbəb olub.