ELM VƏ TƏHSİL


Əlövsət Quliyev: Karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur

Bakı, 4 iyul, AZƏRTAC

Dövlətimiz tərəfindən koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərinə baxmayaraq xəstəlik geniş yayılmaqdadır. Bunun obyektiv və subyektiv səbəbləri olsa da,  məsələ çox ciddi şəkil almaqdadır. Ona görə də məsələnin ciddiliyinin fərqinə varmalıyıq və ölkəsini, dövlətini sevən hər bir vətəndaş kimi üzərimizə düşən olduqca adi görünən, lakin həyati əhəmiyyətli vəzifələri təcili olaraq yerinə yetirməliyik. 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib. 

  O bildirib ki, dövlətimiz  tərəfindən pandemiyaya qarşı mübarizədə mühüm addımlar atılıb və atılmaqdadır. Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ilk aylardan zəruri qabaqlayıcı tədbirlər görülüb. İlk dövrlərdə aparılan tədbirlər öz müsbət nəticəsini göstərdi. Yoluxma halları kəskin azaldı. Lakin sonrakı dövrlərdə yumşaldılmalardan sui-istifadə edən bəzi adamların məsuliyyətsizliyi vəziyyətin pisləşməsinə səbəb oldu. 

İnstitut direktoru vurğulayıb ki, pandemiyaya qarşı birlikdə mübarizə aparmalıyıq: “Hələ də xəstəxanalarımızda yüzlərlə virusa yoluxan vətəndaşımız müalicə alır. Əgər qəbul olunan qaydalara riayət etsək, tibbi göstərişləri düzgün olaraq həyata  keçirsək, özümüzün və ətrafımızdakıların sağlamlığını düşünsək, yalnız və yalnız ehtiyac olduğu təqdirdə icazələrdən istifadə etsək pandemiya ilə mübarizədə qalib gələ bilərik”.  

Professor Əlövsət Quliyev diqqətə çatdırıb ki, karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur. Sosial məsafəyə və şəxsi gigiyena qaydalarına lazımınca əməl edilməli, maskadan mütəmadi istifadə gündəlik həyat tərzimizə çevrilməlidir. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan, xəstəliyə qarşı qabaqlayıcı tədbirlər davam etdirilməlidir. 

“Hər bir vətəndaşımızı sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə səsləyirik”, - deyə Əlövsət Quliyev qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.